2026-cı ildən Formula 1-də debüt etməyi planlaşdıran “Audi” şirkəti bəyanat yayıb. Almaniya konserni hazırda FİA ilə danışıqlar apardıqlarını bildirib. Amma şirkət hazırda heç bir qərar qəbul etmədiklərini də diqqətə çatdırıb. Buna baxmayaraq, Almaniya mətbuatı “Audi”nin “Maklaren”lə danışıqlarının uğursuz nəticələnməsi ilə bağlı məlumat yayıb. Belə ki, Böyük Britaniya komandası mühərriklərinin “Audi” tərəfindən hazırlanması ilə müzakirələr aparırdı. Amma Almaniya şirkəti “Zauber”lə əməkdaşlıq etməkdə maraqlıdır. “Audi”nin xidmətində “Aston Martin”in də maraqlı olması ilə bağlı xəbərlər də dolaşır.

Elə  2026-cı ildə “Honda”nın yenidən Formula 1-ə qayıtmaq istəməsi ilə bağlı məlumatlar da gündəmi zəbt edib.  Məsələ ondadır ki, Yaponiya şirkəti Formula 1-də reqlamentin dəyişməsindən sonra bu yarışlarda öz brendini növbəti dəfə reklam etməkdə maraqlıdır. Xatırladaq ki, “Honda” ötən mövsüm başa çatan kimi Formula 1-lə əməkdaşlığı dayandırıb. Buna qədər Yaponiya avtokonserni xüsusi olaraq “Red Bull” üçün mühərriklər hazırlayırdı.

Yeri gəlmişkən, Formula 1 komandaları komandalara tətbiq olunan xərc limititin artırılmasını istəyir. Onların iddiasına görə, G7 ölkələrində inflyasiyanın səviyyəsinin yüksəlməsi planlarına mane olur. Xatırladaq ki, qaydalara əsasən, Formula 1 komandası bir mövsümə 142,4 milyon dollardan artıq xərc çəkə bilməz.